Qripin müalicəsi zamanı yol verilən səhvlər

a8b691

Demək olar ki, hər il qrip xəstəliyinə yoluxuruq. Bu xəstəlik haqqında (simptomlar, nəticəsi və müalicəsi) məlumatlı olduğumuzu sanaraq, xəstəliyin müalicəsində eyni səhvlərə yol veririk. Həkimə müraciət etmədən müxtəlif müalicə üsullarından istifadə edir və nəticədə müəyyən fəsadlarla qarşılaşırıq. Bəs, səhv müalicədən qaçmaq üçün nə etməliyik?

Antibiotik qəbul etməyə tələsməyin.

Qripi, antibiotiklərə qarşı həssas olmayan viruslar yaradır. Bundan əlavə, antibiotiklər insan orqanizmini qoruyan faydalı bakteriyaları və bağırsaqda insan immunitetinə cavabdeh olan mikrobları məhv edir. Bu zaman mütləq həkimə müraciət edin. Bəli, həkim qrip zamanı antibiotik təyin edə bilər. Buna səbəb həkimin müəyyən fəsadlara (bronxit) səbəb olan bakteriyaların mövcud olduğunu aşkar etməsidir. Fəsadlar zamanı antibiotiksiz müalicə mümkün deyil. Lakin hər bir halda antibiotiklərin müəyyən olunub-olunmamasına həkim qərar verməlidir.

Hərarəti aşağı salmayın.

Yüksək hərarət – orqanizmin özünümüdafiə reaksiyası, infeksiya ilə mübarizəsi deməkdir. Yüksək hərarət zamanı qaynar vanna qəbul etməkdən çəkinin və bütün isitmə vasitələrindən uzaq durun. Belə ki, qaynar vannadan, xardaldan, isidicidən və saunadan istifadə vəziyyəti daha da ağırlaşdırır və hərarəti yüksəldir. Bəzi həkimlər 38 C°-dən yuxarı olmayan hərarətin aşağı salınmasını tövsiyə etmirlər. Yüksək hərarət zamanı bədəndə susuzlaşma yaranır.

Neyləməli?
Belə hallarda çoxlu maye qəbul edin. Bu orqanizmin tez bərpa olunmasına və virusların bədəndən çıxmasına kömək edir. Əgər yüksək hərarət zamanı səhhətinizdə ağrılar hiss edərsinizsə, (baş ağrısı, oynaqlarda ağrılar) 38 C°-dən yuxarı olmayan hərarəti belə aşağı salmaq mütləqdir.

Turş tərkibli içkilərdən çox istifadə etməyin.

Çoxlu maye qəbul edin, lakin portağal şirəsi, limonad və limonlu çay kimi turştərkibli içkilərdən uzaq olun. Məlum olduğu kimi, turş mühit viruslar üçün əlverişsizdir, lakin qripin ağırlaşmış formalarında bakteriyalar turş mühitdə daha yaxşı yayılırlar.

Neyləməli?
Bu zaman mineral sulardan istifadə etmək lazımdır, çünki qələvi tərkibli mayelər viruslara daha çox məhvedici təsir göstərir və bakterial fəsadlaşma vermir. Çalışın turş tərkibli sulardan imtina edəsiniz.

Aynaları örtməyin, otağın havasını davamlı dəyişin.

Soyuqdəymə zamanı xəstənin olduğu otağın havası tez-tez dəyişdirilməlidir. Əksər xəstələr yenidən soyuqlama qorxusu ilə otağın havalandırılmasından qaçırlar. Bu halda həmin məkanda xəstə tərəfindən havaya ötürülən bakteriya və viruslar çoxalaraq xəstənin sağalmasına mane olurlar.

Neyləməli?
Hər 1.5-2 saatdan bir otağı 5-10 dəqiqə müddətinə havalandırın. Əgər soyuq olarsa xəstə otaqdan çıxa və ya üstünü daha qalın örtə bilər. Təmiz soyuq hava virusları məhv edir və xəstənin daha tez sağalmasına kömək edir.

Spirtli içki qəbul etməyin.

Tez sağalmağa cəhd edərək məlum olan bütün tibbi vasitələrdən və “xalq təbabəti”-dən istifadə edirik. Deyilənlərə əsasən, araq və istiotun qarışığı bakteriyaları məhv etməyə köməklik göstərir. Bu yanlış fikirdir. Soyuqdəymə və qrip xəstəliyinin müalicəsində nə araq, nə şərab, nə də spirt kömək etmir. Alkoqol immuniteti zəiflədir, vəziyyəti ağırlaşdıra və sağalma müddətini daha da uzada bilər.

Neyləməli?
Spirtli içki qəbul etməməli, ancaq tibbi məqsədlərlə xaricən bədən səthinə yeridilməlidir. Yüksək hərarət zamanı spirti eyni miqdarda su ilə qatıb bədənin hər tərəfinə sürtün.