Fetal exokardioqrafiyanın əhəmiyyəti

beremennaya11

Fetal exokardioqrafiya nədir?

Fetal exokardioqrafiya – səs dalğaları ilə dölün ürəyinin müayinəsi prinsipinə dayanır, dölə və anaya məlum olan bir zərəri yoxdur.

Fetal exokardioqrafiya hansı hallarda məsləhət görülməkdədir

– Ananın 35 yaş üzərində olması,

– Anada şəkərli diabet xəstəliyinin aşkar olunması,

– Anada fenilketonuriya xəstəlyinin olması,

– Ananın hamiləliyinin 12  həftəsindən əvvəl qızılca, parvovirus ve koksaki virus xəstəliyi keçirməsi,

– Anada kollagen toxuma xəstəliyinin olması,

– Ananın teratogenik (alkohol, litium, fenitoin, valproik turşusu, trimetadon, isotretinon, amfetamin, talidomit) dərmanlardan istifadə etməsi,

– Ana, ata, diğər övladlarda və ya yaxın qohumlarda anadangəlmə ürək xəstəliyinin olması,

– Ginekoloqun məsləhət bildiyi hallarda:

Döldə kardiovaskulyar sistem xəstəliklərinə şübhə və ya aşkar edilməsi;

Döldə kardiovaskulyar sistem xəstəliklərindən başqa xəstəliklərin (daun sindromu və s.) varlığında və ya şübhə edilməsi halında;

Dölün ürək vurğularının tezliyində dəyişikliklərin olması;

Ailənin istəyi və ya narahatcılığının aradan qaldırılması üçün.

Fetal exokardioqrafiyanın əhəmiyyəti

Anadangəlmə ürək qüsürları canlı doğulan uşaqların %1-də rast gəlinir. Uşaqların böyük əksəriyyətində ürəyin normal olması ilə yanaşı, kiçik bir qismində müxtəlif ağırlıqda ürək xəstəlikləri ola bilər. Fetal exokardioqrafiya vasitəsi ilə, ola biləcək hər hansı bir ürək patologiyasının doğuşdan əvvəl aşkarlanması, həkimlərin və ailənin doğüş zamanı və ondan sonrakı taktikasını təyin edir. Misal üçün Fransada anadangəlmə ürək qüsürlarının fetal diqanostikası 48% təşkil edir. Almaniyada 40%, ABŞ-da 36%, Rusiyada 9,5%. Ölkəmizdə təəssüflər olsun belə statistika yoxdur.

Bəzi patologiyalar doğuşdan dərhal sonra müdaxilə tələb edir. Bu xəstəliklər zamanı (aort darlığı, aort koarktasiyası, aortik qövs kəsintisi böyük damarların transpozisiyası, sağ mədəciyin hipoplaziyası, pulmonar darlıq  və atreziya, trikuspid atreziya, mitral atreziya, hipoplastik sol ürək sindromu, total anormal pulmonar venoz dönüş və s.) doguşdan dərhal sonra medikamentoz müalicə, invaziv və ya kardiocərrahi müdaxilə tələb oluna bilər.

Medikamentoz müalicədə digər dərmanlarla yanaşı prostaqlandinlər istifadə olunur. Prostaqlandinlər Botal axacağın (aorta ilə ağciyər arteriyası arasında əlavə damar) qapanmasının qarşısını alır.  Bu xəstəlikərdə anormal olsada, qan dövranını yetərli həddə saxlayan Botal axacaq, açıq oval dəlik və ya qulaqcıqarası çəpərin defekti olur.

Yuxarıda qeyd olunan xəstəliklər eyni zamanda doguşdan dərhal sonra invaziv müdaxilədə tələb edə bilər. İnvaziv yolla yenidoğulmuşlarda:

atrial septostomiya (açıq oval dəliyin və ya qulaqcıqarası çəpər defektinin genişləndirilməsi);

balon valvuloplastika (ürək qapaqlarında olan darlıqların aradan qaldırılması);

balon anjioplastika (damar darlıqıarının aradan qaldırılması);

botal axacağa stend yerləşdirilməsi və s.

Uşaqlarda bəzi  ürək patologiyaları mərhələli kardiocərrahi müdaxilələrlə aradan qaldırılır.  Bu hallarda ilk mərhələ əməliyyatı yenidoğulmuş dövrdə həyata keçirilir (BT şant, ağciyər arteriyasının bandlanması və s.)

Doğuşa qədər diaqnozu dəqiqləşdirilmiş uşaqların pediatrik kardiologiya və kardiocərrahiyə şöbələri olan mərkəzlərdə dunyaya gəlməsi, onların həyatda qalma şanslarını kəskin artırır.

Fetal exokardioqrafiya nə zaman edilir

Transabdominal fetal exokardioqrafiya ideal olaraq 18-24 həftələr arasında edilir. Ancaq 16-18 hamiləlik həftələrindən etibarəndə edilə bilər. Transvaqinal yolla fetal exokardioqrafiyanı 12-14 həftələr arasında etmək olar. Hamiləlik yaşı 25 həftədən yuxarı olduqca muayinənin informativliyi azalır.

Fetal exokardioqrafiyanın informativliyi

Hamiləliyin 18-24 həftələrində dölün ürəyi üzüm giləsi böyüklüyündə (1 sm) olur.  Dölün ana bətnindəki yaşı, pozisiyası, ananın özəllikləri (köklüyü), plasentanın yerləşməsi, ekizlərin olması, dölyanı mayenin miqdarı, istifadə edilən cihazın texniki xüsusiyyətlərinin uyğunluğu, dölün görüntü keyfiyyətinə, dolayısıyla diaqnozun düzgünlük dərəcəsinə təsir edə bilər.

Ürəyin qulaqcıqlar arasındakı kiçik ve orta ölçülü dəliklər, mədəcikər arası kiçik dəliklər, ürək qapaqlarının zəif darlıqları, pulmonar venlərin dönüş anomaliləri, koronar arteriya anomaliyaları, zəif ürək əzələsi xəstəlikləri ve aortanın üst səviyyəsindəki zəif darlıqlar bu müayinə ilə aşkarlanmaya bilər.

Başlanğıcda zəif olan bəzi ürək xəstəliklərinin (zəif pulmonar darlıq, zəif aort darlıq, zəif aort koarktasiyası, ürək əzələsi xəstəlikləri) dərəcəsi, böyüyən hamiləlik yaşı ilə arta bilər. Bu səbəbdən belə uşaqların periodik müayinəsi lazım olur.